Ölkəmizdə əksər hallarda ədviyyat kimi istifadə olunan dəfnə yarpağının nadir müalicəvi xüsusiyyətlərə malik olması heç kəsə sirr deyil. Avropada isə bu gün bir çox sahələrdə istifadə olunan sözügedən bitkinin təminatını 80 faiz türkiyə ödəyir. Lakin bir vaxtlar Azərbaycanda da bu sahə kifayət qədər gəlirli iş sayılıb. Məsələn xaricə bir vaxtlar tonlarla qurudulmuş dəfnə yarpağı ixrac edən cənub bölgəsində bu sahə artıq unudulmaq üzrədir.
Sovetlər dönəmində təkcə Astaranın Şiyəkəran kəndində hektarlarla dəfnə sahəsi olub. Sakinlər deyir ki, ildə əsasən iki dəfə toplanan yarpaqlar qurudularaq təhvil verilirmiş. Özü də çox yaxşı qiymətə. Bu səbəbdən də sakinlər fərdi təsərrüfatlarında da xeyli miqdarda dəfnə ağacı əkərək bir müddət ondan qazanc götürə biliblər.